Başlıqlar
Giriş
Zaman dəyişib. Sosial media marketinqi platformalarda günlük postlar paylaşmaqla bitmir.
Günümüzdə sosial mediada marketoloqların əsas hədəfləri brendi daha böyük kütlələrə tanıtmaq və satışları artırmaqdır. Əgər brendinizi qurmaq, potensial müştərilərlə kommunikasiya yaratmaq və satışları artırmaq istəyirsinizsə, bu, zaman və səy tələb edir.
Sosial mediada rəqiblərdən, sosial küydən, hətta influenserlər arasında fərqlənən məzmun (kontent) yaratmalısınız.
Sözün əsl mənasında, mükəmməl sosial media strategiyası hazırlamalısınız.
Bütün müştərilərimizdə və konsultasiya verdiyimiz sahibkarlarda gördüyümüz tipik yanlış yanaşma ilə başlamalıyıq: Heç vaxt hansısa spesifik platformaların biznesinizə daha faydalı olacağını düşünməyin. Bütün sosial media platformalarını yoxlayın. Daim yeni şəbəkələr axtarın. Xüsusilə də rəqiblərinizin olmadığı şəbəkələr.
TikTok-un populyarlığı bu cür yanaşmanın faydalılığının bariz nümunəsidir. Sürətlə dəyişən rəqəmsal dünyaya ayaq uydurmaq artıq şərtdir.
Sosial Media Marketinq izahlı təlimatı üçün terminlər və mənaları
Sosial media marketinq üçün strategiya hazırlamazdan əvvəl bilməli olduğunuz bəzi termin və anlayışları sizinlə paylaşırıq.
Kontent (Məzmun)
Kontent sosial mediada paylaşdığınız hər şeydir. Bu, Facebook-dakı bir status, Instagram-dakı bir foto və ya LinkedIn-dəki bir video ola bilər.
Kontent müxtəlif formalarda olur və hər bir platforma üçün kontent formatlarına detallı yanaşmalısınız. Kontentdən daha önəmli qavram isə kontextdir.
Kontekst
Qeri Vaynerçukun da dediyi kimi: “Kontent şahdırsa, kontekst tanrıdır.”
Məsələn, deyək ki, çox yaxşı bir anekdot bilirsiniz. Onu 3000 sözlük bir bloqun içində paylaşsanız, çox az adamın ondan xəbəri olacaq. Lakin eyni anekdotu Twitter-də (X.com) paylaşdıqda onu qısa zamanda milyonlarla istifadəçiyə çatdıra bilərsiniz.
Anekdot demişkən, yumora həmişə yer var. Əgər Twitter-də (X.com) ən çox retvitlənmiş (paylaşılmış) tvitlərə (statuslara) nəzər yetirsək, aralarında CIA (ABŞ Təhlükəsizlik Xidməti) tərəfindən paylaşılmış bir tvit də görə bilərik. Sizin biznesiniz CIA-dən daha ciddidir?

Böyük ehtimalla, artıq istifadəçilərin heşteqləri demək olar ki, bütün sosial media platformalarında meta informasiya əlavə etmək üçün geniş istifadə etdiklərini bilirsiniz.
Heşteqlər
Facebook, Instagram, LinkedIn, Twitter (X.com), Pinterest və digər sosial media platformaları kontentinizin mövzusunu təsvir etmək və onu məlum bir trendin/mövzunun bir parçası edə bilmək üçün heşteqlərdən istifadəyə imkan verir.
Beləliklə, kontentiniz daha böyük bir kütlə tərəfindən daha rahat tapılır və paylaşılır.
Paylaşmalar
Paylaşmalar sosial media dünyasının valyutasıdır.
İnsanlar kontentinizə baxırsa və geridönüş edirsə, bu yaxşıdır. Əgər paylaşırlarsa, onda parti keçirtmək olar.
Paylaşımlar sosial mediada mümkün bütün interaktivlik formalarının ən faydalı formasıdır.
Sosial Media Marketinq (SMM) və onun əsas pillələri
Heç şübhəsiz ki, biznesiniz sosial media platformalarında olmalıdır. Sosial media marketinq strategiyanızda mütləq heç olmasa 1-2 platforma üzrə plan və büdcənizi aydınlaşdırın.
Artıq 4.8 milyard insan sosial media hesablarına sahibdirlər. Bu o deməkdir ki, sosial media marketinqi vasitəsilə istənilən biznesi qlobal bazara çıxarmaq və onun üçün müştəri tapmaq mümkündür.
Etməli olduğunuz yeganə şey isə qeydiyyatdan keçmək və füsunkar kontent yaratmaqdır.
Sosial media marketinq (SMM) üçün əsas 5 pillə var. Bir-bir hamısına nəzər salaq.
1. Strategiya
Düzgün strategiya sosial media marketinqiniz üçün onurğa sütunu rolunu oynayacaq. Strategiya olmadan siz vaxtınızı boşa israf etmiş olacaqsınız. Nə satış hədəflərinizə, nə də hədəf kütlənizə çatacaqsınız.
Loru dildə desək, kontent strategiyası doğru kontenti doğru zamanda doğru insanlara çatdırmaqdan ibarətdir.
Ən sadə yanaşma ilə kontent strategiyası sizə imkan verir ki:
- Dəyərli məzmun yaratmaq
- İnteraktivliyi təmin etmək
- Satışları artırmaq
Güclü sosial media marketinq strategiyasına aydın hədəflər və hədəflərə çatmaq üçün spesifik planlar daxil olur və onlar ölçülə bilən olmalıdır.
Nəhayət, özünüzə referans nöqtələri təyin etməlisiniz ki, müəyyən müddətdən bir fəaliyyətinizi dəyərləndirə və lazım gələrsə, uyğun dəyişiklikləri vaxtında edə biləsiniz.
2. Planlama və paylaşma
Sosial media güclü alətdir, lakin siz platformalardan qeydiyyatdan keçib heç bir plan olmadan dərhal post paylaşmağa başlaya bilməzsiniz.
Kontent planlayarkən bunları etdiyinizdən əmin olun:
- Auditoriyanızı yaxşı tanıyın: Onlarla əlaqə yarada bilmək üçün auditoriyanızın demoqrafik xüsusiyyətlərini bilməlisiniz.
- Keyfiyyətə fokuslanın: Kontentin keyfiyyəti kəmiyyətindən çox daha önəmlidir. Bu qaydanı bəzi istisna hallara aid etməyə bilərik.
- Brendinizi nəzərə alın: Brend dəyərlərinizlə eyni istiqamətdə irəliləyin.
Paylaşmağa gəldikdə isə, 1 qızıl qaydamız var: DAVAMLILIQ. Nizamlı paylaşım cədvəli insanları daim biznes hesabınıza cəlb edəcək.
3. Sosial dinləmə və İnteraktivlik
Kontenti yaratmaq və planlamaqdan daha önəmli hissə isə hədəf kütləniz ilə ikitərəfli əlaqə yaratmaqdır.
Sosial dinləmə (social listening) dedikdə isə hədəf kütlənizin sizə dediklərini dinləmək və düzgün formada geridönüş etməyi nəzərdə tuturuq.
Hədəf kültəniz həmişə pozitiv fikirlərlə gəlməyəcəklər, lakin siz də hər rəydən dərs çıxarmağı bacarmalısınız.
Xüsusilə də ümumi müştəri məmnuniyyəti səviyyəsini yaxşılaşdırmağı hədəfləmiş bizneslər üçün dinləmə və interaktivlik uğurlu rəqəmsal transformasiyanın vacib bir hissəsidir.
Qeyd etmək lazımdır ki, sosial dinləmə təkcə müştəri təcrübəsindən ibarət deyil. Eyni zamanda aşağıdakı imkanlar da yaranır:
- Yeni trendləri görmək
- Yeni gəlir mənbələrini təyin etmək
- Sektordan son məlumatları əldə etmək
- Hədəflədiyiniz nişdə influencerləri kəşf etmək
4. Analitika
Bütün sosial media marketinq (SMM) reklamlarının uğuru dataların izlənməsi, məlumatın toplanması və onların düzgün analizindən asılıdır. Bu olmadan siz aşağıdakıları bacarmayacaqsınız:
- İstifadəçi davranışlarını anlamaq
- Strategiyanızı formalaşdırmaq
- Brendiniz üçün əslində hansı platformanın daha uğurlu olduğunu tapmaq
- Paylaşımlar üçün ən yaxşı vaxtlar
- Rəqabət analizi
Bunların hamısını bildikdə isə nələrin effektiv olub, nələrin faydasız olduğundan tam əmin olursunuz. Beləliklə, effektiv hissələrə daha çox fokuslanaraq faydasız hissələrdə vaxt itkisinin qarşısını ala bilirsiniz.
Ən önəmlisi isə, düzgün analiz növbəti reklamlarınız üçün gələcək qərarlarınızı formalaşdırır və uğurlu nəticə üçün ehtimalları artırır.
Bununla yanaşı, effektiv kontent, dizayn, CTA və s. təyin etmək üçün A/B testinq Digər bloqa keçid: ‘A/B testinq nədir? Bilməli olduğunuz hər şey!”ən etibarlı üsullardan biridir.
Əgər müəyyən kontent tiplərinin və ya mövzuların digərlərinə nisbətdə ikiqat daha artıq nəticə gətirdiyini görürsünüzsə, bunun üzərində işləməyə başlayın.
Məsələn, əgər kiçik sahibkarsınızsa, böyük ehtimalla, izləyiciləriniz ailəniz və dostlarınızdır. Onlara sizin şəxsi uğurunuz və fikirləriniz maraqlı olacağı üçün çalışın ki, bu istiqamətdə postlara yer verəsiniz. Effektiv olarsa, davam edin.
İzləyiciləriniz maraq göstərmədikcə yüksək keyfiyyətli kontentin də heç bir mənası yoxdur. Əsas məqsəd izləyicilərinizin maraq dairəsini düzgün təyin edərək kontent yaratmaqdır. Kontent – ona maraq göstərilirsə, biznesi üçün keyfiyyətlidir.
5. Reklam
Sosial media reklamları auditoriya axtarışında olan istənilən biznes üçün yoxlamağa dəyən üsuldur. Təkcə Facebook reklamları ilə 2.89 milyard insana birbaşa reklam vermək mümkündür! Təsəvvür edirsiniz?! Bu, möhtəşəm sayda potensial müştəri kütləsinə çıxışdır!
Sosial media reklamlarının əsas 3 tipi:
- Orqanik: Təbii formada baxışları üzərinə çəkir və heç bir ödəniş etmirsiniz.
- Ödənişli: Kontentin daha çox insana çatması üçün ödəniş edirsiniz.
- Qazanılmış: Paylaşım, layk və ya rəy formasında ödənişsiz formada əldə olunan kontentdir.
Sosial şəbəkələrdə aşağıdakı formalarda reklamlar verə bilərsiniz:
- Kontent yaradın: Buraya post və videolar daxildir.
- Kontenti reklam edin: Ödənişlə məzmunu reklam edin.
- İnsanlarla kommunikasiya qurun: Fəaliyyət sahənizlə əlaqəli qruplarda aktiv iştirak edin, sektorunuzdakı influenserlərlə münasibət formalaşdırın və s.
- İzləyici kütləsi toplayın: Onların marağını çəkən kontent paylaşmaqla fəaliyyətinizlə əlaqəli insanların sizin hesablarınızı izləmələrinə nail olun. Qətiyyən giveaway-lərə qoşulmayın və panellərdən istifadə etməyin!
- Yüklənmələr əldə edin: Profillərinizdə müəyyən PDF fayllar, şablonlar, PowerPoint və ya Excel formatda faydalı fayllar, videolar, podkastlar təklif edin.
Qeyd edək ki, brendinizi tanıtmaq, loyallıq formalaşdırmaq və konversiya faizlərini artırmaq istəyirsinizsə, reklamlar optimal yanaşma olacaq.
Yuxarıda danışdığımız əsas pillələrdən əlavə, həm də:
- Əmin olun ki, spesifik bir demoqrafiya və nişə fokuslanmısınız.
- Mümkün bütün müştərilər, brendlər və influenserlərlə keyfiyyətli münasibət qurmusunuz.
- Öz kontent və rəylərinizlə insanlara dəyər qatırsınız.
Son olaraq, sosial mediada əlçatan olun. İzləyiciləriniz sizə yazarkən cavab almalıdırlar. Oturub kimdənsə geridönüş gözləməyin, onun üçün mühiti yaradın!
SMM və onun müxtəlif növləri
Facebook like-larından əlavə, sosial media marketinq özündə müxtəlif üsulları da birləşdirir:
- Kontent marketinq
- Reklam, sponsorlu reklamlar
- İnfluenser marketinq
- Sosial media menecment/ icma menecmenti
- Ödənişli media
- İzləyici kütləsinin artırılması
- Forumlara tövhə
- Revyular
Əgər brendinizi böyütmək məsələsinə çox ciddi yanaşırsınızsa, nəhəng kütləsi olan köklü vebsaytlara fokuslanmayın. Həmin vebsaytlar başlanğıc üçün aşkar üsul kimi görünsələr də, daha fərqli və kreativ üsullarla potensial müştəriləri və lidləri cəlb etməyə səy göstərin.
Fərqli üsullar axtarışında ikən hansı sosial media platforması üçün hansı kontent tipinin daha effektiv olduğunu araşdırmağı da unutmayın.
Diqqət: SMM trendləri
Sosial media dünyası onlayn mühitlər arasında ən sürətlə dəyişəndir.
Yeniliklərlə ayaqlaşmaq elə də asan iş deyil.
Nəzərə almağınızda fayda gördüyümüz bir neçə trendi sizinlə paylaşırıq. Böyük ehtimalla, nəinki yaxın dövrdə, sonrakı dövrlərdə də bu məlumatlar işlərinizə təsir edəcək.
Orqanik əhatə (reach) azalır
Biri var idi, biri yox idi. Sosial media istifadəçisi maraqlı məzmun yaratmaqla böyük kütlələri əhatə edə və izləyici kütləsini sürətlə artıra bilirdi.
Artıq dövr dəyişib.
Bugünkü gündə platformalar orqanik əhatəliliyi kifayət qədər çətinləşdiriblər.
Və bu təsadüfi deyil…
Səbəb sadədir. Orqanik əhatəlilik azalırsa, deməli başqa nəsə artır.
Bəli, reklam xərcləri.
Hətta bir neçə ay bundan əvvəl Facebook alqoritmdə etdiyi yeniliklə postlarda orqanik əhatəliliyi 52% azaltdı. Məyus olmayın, Facebook-da interaktivliyi artırmağın üsulları var.
Unutmayaq ki, nəticədə sosial şəbəkələr də biznesdir.
Sosial şəbəkələrin “Ödə və Əylən” formatı
Orqanik nəticələr çox çətinləşdiyi üçün bizneslər əylənmək üçün ödəniş etməlidir.
Bu isə təəccüblü hal deyil. Sosial şəbəkələr gəlirlərinin demək olar ki, hamısını reklamlardan əldə edirlər.
Başqa sözlə, sosial medialar yalnız adi istifadəçilər üçün ödənişsizdir. Bizneslər isə öz postlarını onlara göstərə bilməkdən ötrü külli miqdarda vəsaitlər sərf edir.
Burada məhsul istifadəçilərdir.
Onlara çatmaq üçün isə ödəniş etmək lazımdır.
Yaxşı xəbər isə odur ki, əksər hallarda bu investisiyanı etməyə dəyər.
Sosial mediada reklam qiymətləri isə bir çox platformalarda qənaətbəxşdir və bizneslərə böyük kütlələrə çıxmaq imkanı yaradır.
Sosial Media platformaları
Əsas sosial media platformalarından söz salmadan SMM xidməti haqqında bu qədər danışmaq olmaz.
Odur ki, başlayaq sosial şəbəkələrin ən nəhəngi hesab olunan Facebookdan.
1. Facebook
Facebook hazırda ən böyük sosial şəbəkədir. Şəbəkə marketoloqlar üçün ən geniş analitik məlumatları və reklam imkanlarını təklif edir.
Facebook Ads çox intuitiv və rahat interfeysə malikdir. Hətta yeni başlamış sosial media marketinq mütəxəssisləri də bu alətdən rahatlıqla istifadə edə bilərlər.
Facebook Business Manager
Facebook reklamlarına başlayarkən öyrənməli olduğunuz ilk alət Facebook Business Suite olacaq. Şirkətin öz adını dəyişməsi ilə birgə artıq bu alət də Meta Business Suite kimi adlandırılır.
Qısa təsvir etsək, alət bütün reklamlarınızı, səhifələrinizi, rolları və ismarıcları izləmək üçün bir mərkəzdir.
Ödənişsizdir və istifadəsi rahatdır.
Meta Business Suite-in veb səhifəsinə daxil olun və qeydiyyatdan keçin. Daxil ola bilmək üçün artıq Facebook-da şəxsi hesabınızın olması mütləqdir.
Daxil olduqda Business Suite-in istifadəçi panelini görəcəksiniz.
Bu alət Facebook-da marketinqə və reklamlara ciddi diqqət ayıran hər kəs üçün vacibdir. Alət ilə bütün işlərinizi fərqli yerlərdə görmək əvəzinə mərkəzi idarəetmə sistemi əldə edirsiniz.
Facebook reklamları və mümkün üsullar
Facebook-da reklam verərkən ilk iş reklam kampaniyanızın məqsədini təyin etməkdir.
Vebsaytınıza trafik cəlb etmək, konversiya reklamları, Facebook səhifəniz üçün izləyiciləri artırmaq, postlarınıza əlavə interaktivlik yoxsa başqa nəsə?
Hansı biri məqsədinizə uyğun gəlirsə, onu da seçin.
ŞƏKİL
Daha sonra, aşağıdakı fotoda gördüyünüz hissədə isə Ads Manager köməyi ilə hədəf kütlənizi müəyyən edin.
Bu hissə çox önəmlidir. Bir çox rəqibinizi elə bu addımda dəfələrlə üstələyə bilərsiniz. Əlavə material kimi müştəri personaları haqqında yazdığımız addım-addım izahlı bloq ilə tanış olun.
ŞƏKİL
Və ya sadəcə “Avtomatik” seçim ilə bu işi Facebook-a həvalə edə bilərsiniz.
Sonda reklamlarınızın görünməsini istədiyiniz cihazları da seçə bilərsiniz. Yəni reklamlarınız yalnız iPhone-larda görünməlidirsə və Android istifadəçilərinə uyğun məhsul deyilsə, bu, mümkündür.
Normalda Facebook reklamlarda “Avtomatik” hədəfləməni məsləhət görür, lakin bununla razı deyilsinizsə, rahatlıqla istədiyiniz tənzimləmələri edə bilərsiniz.
Nəzərə alın ki, Facebook da daxil olmaqla heç kim sizin hədəf kütlənizi və biznesinizi sizin qədər yaxşı tanıya bilməz.
Facebook Lookalike Audience (Bənzər auditoriyalar)
Facebook sizə Lookalike (Bənzər) və Smart (Ağıllı) auditoriyalar yaratmaq imkanı verir.
Bu funksiyalarla platforma daha öncə sizin reklamlarınız və ya vebsaytınızla əlaqədə olmuş istifadəçiləri analiz edir və onların əsasında sizin üçün effektiv olacağını düşündüyü yeni kütlələr təyin edir.
ŞƏKİL
Bu o deməkdir ki, hazırda yaxşı effekt verən bir auditoriyanız var və onun əsasında bənzər effekt verəcək yeni auditoriyalar yarada bilərsiniz.
Instagram ilə inteqrasiya
Bilirdiniz ki, Facebook-da reklam yaradarkən cəmi 1 kliklə eyni reklamı Instagram-da da verə bilərsiniz?
Placement (Yerləşmə) bölməsində Instagram-ı seçin. Reklamı əsas səhifədə, hekayələrdə və ya hər ikisində yerləşdirə bilərsiniz.
ŞƏKİL
Əgər sponsorlu reklamlarınız vizual ağırlıqlı kontent ilə hazırlanırsa, bu inteqrasiyanı mütləq nəzərə alın. Bu, heç bir əlavə iş görülmədən sponsorlu reklamlarınızın əhatəliliyini artıracaq.
Facebook Live (Canlı)
Ölkəmizdə bir o qədər də dəyərləndirilməsə də, qlobal olaraq Facebook Canlı yayımları çox böyük maraq görməkdədir.
İnsanlar canlı yayımları maraqla izləyirlər. Bəlkə də səbəb yayımçının səhv etmə ehtimalıdır, bəlkə də şəffaflıqdır, ya da daha sıx bağ hiss etməkdir.
Səbəb nə olursa-olsun, insanlar ənənəvi videolarla nisbətdə canlı yayımlara bənzər marağı göstərirlər.
Əvvəlcədən çəkilmiş videolarla nisbətdə istifadəçilər canlı yayımlara 27% daha uzun baxırlar.
Uzun sözün qısası, montajlar üçün vaxtınız və vəsaitiniz yoxdursa, canlı yayımlardan istədiyiniz effekti ala bilərsiniz.
2. Instagram
Instagram-ın bünövrəsində fotolar yatsa da, platforma öz videoları ilə də getdikcə daha çox diqqət çəkməyə başlamışdır.
Hətta 2022-ci ilin ortalarında onlar öz fokuslarını videolara çevirib TikTok ilə birbaşa rəqabətə başlamaq istəsələr də, istifadəçilərin artan etirazları ilə onlar bu dəyişikliyi dayandırdılar.
Hər şey bir kənara, Instagram digər bütün sosial media platformaları arasında ən yüksək interaktivlik əmsalına malik olandır.
Brendiniz üçün qısa və uzun formatlı videolar, habelə hekayələr paylaşa bilərsiniz. Onların hər biri bizneslər üçün nəticələr verir.
CapCut kimi mobil tətbiqlər ilə videolarınızı daha səliqəli və professional formada düzəldə, daha çox istifadəçinizi videolar ilə cəlb edə bilərsiniz.
Sözün düzü, sıfırdan başlamalı olsaydıq, Instagram səhifəmizdə videolardan çox fotolara fokuslanardıq.
Instagram-da heşteqlərdən diqqətlə istifadə edin. Əlaqəsiz və məqsədsiz heşteqlər yerləşdirməkdən qaçının.
Postlarınızın təsvir hissələrində cəlbedici call-to-action (CTA, yəni hərəkətə çağırış) istifadə edin. CTA-lər istifadəçiləri hansısa hərəkətə çağıran sözlərdir. Məsələn, “Elə indi yüklə!”, “Endirimdən faydalanmağa tələsin!” və s.
Instagram hesabınızın bio hissəsində bütün məlumatları effektiv formada yerləşdirin. Uzun cümlələrdən çəkinin.
3. TikTok
2016-cı ildə Çin əsilli şirkət tərəfindən təqdim olunan TikTok video paylaşma platformasıdır. İki müxtəlif tətbiqetmənin birləşməsi ilə formalaşan TikTok hazırda 800 milyondan artıq aylıq aktiv istifadəçiyə malikdir.
TikTok istifadəçiləri müxtəlif trendlər, challenge-lər (meydanoxuma) əsasında qısa videolar çəkirlər və ya siyasi və sosial məsələlər haqqında fikirlərini paylaşırlar.
Tətbiqetmə musiqilər, filterlər, müəyyən video-montaj kimi interaktiv funsksiyaları ilə istifadəçilərin diqqətini qısa zamanda çəkə bildi.
TikTok Marketinq
Bəs niyə bu platformada marketinq etməli? Hər şeydən əvvəl, rəqabət zəifdir. Hələ də əksər bizneslər bu platformaya “baş qoşmurlar”.
TikTok kreativ fikirlərlə üzə çıxmaq və az müddətdə diqqət çəkə bilmək üçün optimal seçimdir.
TikTok-da marketinq dünyasına addım atmaq istəyirsiniz? Elə isə bir neçə məqama nəzər salaq.
TikTok Marketinq Videoları
TikTokda məhsul və ya xidmətinizi təqdim etməyin ən bariz yolu brendinizlə əlaqəli həyəcanverici, əyləncəli və maraqlı kontent hazırlamaqdır.
Məsələn, məhsulunuzla əlaqəli “Necə etməli?” Başlıqlı videolar hazırlamaq yaxşı başlanğıc olar. Hədəf kütlənizin maraqlandığı mövzuları tapmaq üçün Ubersuggest kimi alətlərdən istifadə edə bilərsiniz.
TikTok-dan komanda üzvlərinizi, əməkdaşlarınızı əyləncəli formatda paylaşmaq üçün də istifadə edə bilərsiniz. Emalatxana və ya ofisinizi göstərmək, məhsulunuzun yeni funksiyalarını təqdim etmək də istifadəçilər tərəfindən maraqla qarşılanır.
Platformanın müxtəlif interaktiv funksiyalarından da istifadə etməyi unutmayın. Məsələn, səsvermələr.
TikTok-da influenser marketinq
İnteraktivlik nisbətini və ya satışları artırmaq üçün biznesinizin fəaliyyət sahəsinə uyğun influenserlərlə əməkdaşlıqlar edə bilərsiniz.
Ortalama bir influenserin 20%-ə qədər interaktivlik nisbəti ola bilər. Bu isə baxış saylarını nəzərə aldıqda kifayət qədər yüksək göstəricidir.
İPUCU: Uyğun influenserləri tapmaq üçün axtarış bölməsindən sizə uyğun heşteqləri axtarın və həmin heşteqlər altında ən çox interaktivlik (rəy, bəyənmə, paylaşma) alan istifadəçiləri seçin.
ŞƏKİL
Sosial şəbəkələrdə izləyicilərlə kommunikasiya və say artımı: ipucları və sirlər
Sosial media marketinq (SMM) zamanı uğur qazanmaq üçün əsas şərtlərdən biri potensial müştərilərinizi (izləyicilərinizi) anlamaq və nə istədiklərini öyrənməkdir.
Bunu etməklə növbəti mərhələlərdə onların maraqları çərçivəsində satış edən kontent yarada bilərsiniz.
Əsas məqsəd isə onların marağında olan faydalı kontent ilə izləyicilərinizi loyallaşdırmaq və sizi digərləri ilə paylaşmaqlarına səbəb olmaqdır.
Məqsədə nail olmaq üçün aşağıdakıları edin:
- Konkret planlar ilə sosial media strategiyası hazırlayın. Hansı tip kontent yaratmaq istəyirsiniz və bu kontentlə nələrə nail olmağı planlaşdırırsınız.
- Şirkətiniz və sektorunuz üçün uyğun sosial media platformalarını seçin.
- Müxtəlif kontent tiplərini test edin. Sizin üçün hansılar daha effektivdir?
- Sektoru izləməklə son trendlərdən xəbərdar olun və strategiyanızı uyğunlaşdırın. Rəqiblərinizin etdiklərini birə-bir təkrarlamayın. Yaxşı reklam kampaniyaları həmişə özündə əlavə yenilikləri birləşdirir.
- Konteksti qorumaqla kontentin istifadəçilər tərəfindən hazırlanmasını təmin etməyə çalışın.
- Faydalı kontent paylaşın.
- Müzakirələr başladın.
- İnsanları ilhamlandıran və hərəkətə keçirən yazılar yazın. Bacardıqca, əlavə fayl və ya broşurları yükləməklərinə nail olmağa çalışın.
- İnfluenserlərlə çalışın.
- Rəqiblərinizi izləyin və onlardan öyrənin.
- Heşteqlərdən istifadə edin.
Hamısını bura yazmağa ehtiyac duymadıq, lakin fundamental şərtləri izləməyi heç vaxt unutmayın.
Hər şeydən önəmlisi isə: Möhtəşəm və orijinal kontent paylaşın, izləyicilərinizin istək və ehtiyaclarını dərindən öyrənin.
Onlara problemlərini həll edən üsullar təklif edin və bir müddət sonra SMM işlərinizin nəticə verdiyini görəcəksiniz.
Sosial Media Marketinq strategiyası necə hazırlanmalı?
Sosial varlığının maksimum potensialından istifadə etmək istəyən bizneslər üçün SMM strategiyası çox önəmlidir.
Effektiv SMM strategiyası hazırlamağın ən yaxşı yolu aşağıdakı məqamlara fokuslanmaqdır:
- Hədəf kütlə
- Kontent
- İnteraktivlik
- Sosial kanallar
Bir çox şirkət öz hədəf demoqrafiyalarına çatmaq üçün sosial mediadan istifadə edirlər.
Bu, brend formalaşdırmağın, müştəri loyallığını artırmağın, dildən-dilə marketinq qazanmağın yollarından biridir.
Hər kəs üçün doğru olan bir strategiya yoxdur. İlk addım hədəf kütlənizin sosial mediada harada vaxt keçirdiyini və nələrlə maraqlandıqlarını tapmaqdır. İkinci addım isə maksimum əhatəlilik və interaktivliyi təmin etmək üçün düzgün paylaşma vaxtlarını təyin etməkdir.
Nəyahət, mütləq davamlılığı qoruyun. Reallıq gözləntilərinizi qarşılamadıqda işləri dayandırmayın. Bu tendensiya zamanla mütləq düzəlir.
Bunlara əlavə olaraq:
- Hədəflər təyin edin və onlara çatmaq üçün çalışın.
- Kütlənizi, onların individual ehtiyac və istəklərini öyrənin.
- İzləyəcəyiniz metrikləri təyin edin. Onlar sizin hədəflərinizdən asılı olaraq dəyişir. Əgər interaktivlik önəmlidirsə, ümumi baxış sayını izləyin.
- Klik alan kontent hazırlayın. Bu, sualları cavablandıran, yeni hekayələr nəql edən, ilham verən kontent hazırlamaq və onları düzgün vaxtlarda paylaşmaq deməkdir.
- Ehtiyac olduqca, SMM strategiyanızı yenidən nəzərdən keçirin və düzəlişlər edin.
Sosial Media Marketinq (SMM) alətləri
Sosial mediada var olmaq bütün bizneslər üçün faydalı olsa da, bir çox sahibkarın kifayət qədər vaxtı olmur. Həll yolu nədir?
SMM alətləri.
Bu alətləri 3 əsas kateqoriya altında bölə bilərik: sosial media menecment, sosial reklamlar və kontent yaratma
Post paylaşma platformaları
Bu alətlər Facebook, Instagram, LinkedIn və s. kimi müxtəlif sosial platformalarda postları avtomatik olaraq öncədən təyin etdiyiniz saatda paylaşmağa kömək edirlər. Onlardan ən populyarları Agorapulse, Buffer və SproutSocial-dır.
Kontent yaratma
Bu cür alətlərin köməyi ilə dəqiqələr ərzində video, slaydşou və ya GIF formatlarda məzmunlar yarada bilərsiniz. ContentStudio, Drum Up və Content Gems kimi alətləri misal gətirmək olar.
Sosial reklamlar
Bu tip alətlər isə Facebook Ads və ya Twitter (X.com) Ads üzərindən reklamlarınızı xüsusi auditoriyalara çatdırmağınıza kömək edir.
Bütün bu işləri, hətta rəqabət analizini belə özündə birləşdirən daha kompleks alətlər də mövcuddur. Bu sırada HootSuite və SocialPilot kimi alətləri göstərə bilərik.
Sosial media marketinqində prosesin bir digər hissəsi isə insanlardır. Bəlkə də bu yazını daxili komandanızda marketoloq olmadığı üçün öz biznesiniz üçün araşdırma məqsədilə oxuyursunuz və ya araşdırmanı edən marketoloqsunuz və çətinlik çəkirsiniz. İstənilən halda, əlavə dəstəkdən heç vaxt çəkinməyin. Sosial Media Marketinq xidməti ilə sizə dəstək göstərməyə sevinərik. Ödənişsiz Konsultasiya üçün elə indi müraciət edin!