SEO – Axtarış Motoru Optimizasiyası deməkdir. SEO vebsaytınızın axtarış motorlarında nəticələr arasında daha üst sıralarda yer alması üçün görülən işlər bütününə deyilir.
Axtarış motoru dedikdə adətən Google nəzərdə tutulsa da, buraya Bing, Yahoo və Yandex də daxildir.
Google və digər axtarış motorlarında daha üst pozisiyalarda yer almaqla vebsaytınıza olan trafiki artıra bilərsiniz.
SEO-da uğurlu olmaq üçün Google və onun məqsədlərini anlamaq önəmli rol oynayır. Elə isə, başlayaq.
SEO – ödənişli olmayan (həm də orqanik deyilir) əsaslarla vebsaytınıza gələn trafikin artdırılmasına deyilir.
Başqa cür desək,
Deyək ki, hüquq xidmətləri verən bir şirkətiniz var və insanlar Google-da “hüquqi konsultasiya” yazanda ilk sıralarda sizin verbsaytınızın çıxmasını istəyirsiniz. SEO xidməti məhz bunun üçün lazımdır.
SEO niyə vacibdir? Nəyə lazımdır?
SEO biznesinizə lazım olan açar sözləri üzrə vebsaytınızın üst sıralarda çıxmasına dəstək göstərir. Üst sıralarda olan vebsaytlar həmişə daha çox klik alırlar. Çoxlu ziyarətçi bütün biznes sahiblərini xoşbəxt edər, lakin ziyarətçilərin niyəti də çox vacib faktordur. Optimizasiyanı daha çox sayda ziyarətçi üçün yox, daha uyğun ziyarətçiləri cəlb etmək üçün etməlisiniz.
Bu mövzuda təcrübəli deyilsinizsə, SEO xidməti üçün təkliflər axtara bilərsiniz. Doğru təklifi seçməkdən tam əmin olmağınızı tövsiyə edirik. Çünki bilikli və planlı şəkildə edilməmiş SEO işi vebsaytınıza çox ciddi ziyan vura bilər. Bu cür zərarin qarşısını almaq bəzən mümkün olmaya bilir.
Axtarış motorları necə çalışır?
Axtarış motorlarını müasir dünyanın kitabxanaları kimi düşünmək olar.
Onlar kitablar əvəzinə çoxlu veb səhifələr toplayırlar.
İstifadəçi hər hansı açar söz üçün axtarış etdikdə axtarış motoru öz indeksindəki səhifələrə baxır və aralarında ən faydalı hesab etdiklərini istifadəçiyə göstərir.
Bunu etmək üçün isə ,o, “alqoritm” adlanan komputer proqramından istifadə edir.
Google özünün “Axtarış necə işləyir” səhifəsində prosesi bu cür izah edir:
Ən dəyərli məlumatı göstərmək üçün axtarış alqoritmimiz axtarışdakı sözlər, uyğunluq, səhifələrin istifadə rahatlığı, mənbələrin expertlik dərəcəsi, sizin yeriniz və tənzimləmələriniz kimi bir neçə faktora baxır. Hər bir faktora düşən ağırlıq isə axtarışın təbiətinə əsasən dəyişir
Açar sözlər niyə önəmlidir?
Açar sözlər SEO strategiyanız üçün ən vacib hissədir. Bu hissədə analitik yanaşma tətbiq etməlisiniz. Əvvəlcə, potensial ziyarətçinizi və müştərinizi düşünün. Nə cür bir axtarış edə bilər? Nə axtara bilər? Saytınızı yüzlərlə fərqli termin üçün optimizasiya edə bilməzsiniz, ona görə də ən önəmlilərini seçib nələri optimizasiya edəcəyinizə qərar verməlisiniz.
Nəzərə almalı olduğunuz 3 şey: Sıxlıq, Rəqabət və Əlaqə
Açar söz araşdırma müddəti ASH (Açar Söz Həcmi), tezlik (insanlar açar sözü hansı sıxlıqda axtarırlar) və rəqabət səviyyəsi (biznesinizin fəaliyyət sahəsinin və seçdiyiniz açar sözlərin nə qədər rəqabətli olması) ilə əlaqəlidir.
SEO Performansımı necə ölçə bilərəm?
Google Analytics saytınızın orqanik olaraq necə bir performans göstərdiyini anlamanız üçün sizə kifayət qədər data verir. SEO performansınızı ölçərkən doğru istiqamətdə olub-olmadığınızı bildirən metrikləri sizə təqdim edirik:
Kanal qruplaması: Google Analytics sizə bütün rəqəmsal kanallardan vebsaytınıza gələn ziyarətçi axınını göstərə bilər. Məsələn, Google axtarışlarından, Sosial media platformalarından, e-mail marketinqdən və ya Google Ads-dən saytınıza nə qədər ziyarətçi gəldiyini müqayisəli formada görə bilərsiniz.
Ortalama Pozisiya: Axtarış sıralamalarında hər hansı sorğuda saytınız neçənci sırada dayanır?
Kliklənmə nisbəti: Hər hansı bir açar söz üzrə vebsaytınıza klikləyənlərin sayı / vebsaytınızı görən axtarışçıların ümumi sayı
Satışlar: Digər rəqəmsal kanallara nisbətdə neçə uğurlu satış var? Satış nisbəti neçədir?
Davranış: Orqanik ziyarətçilərin saytdan dərhal çıxma nisbəti neçədir? Hər ziyarətçi saytda neçə səhifəyə baxır və saytınızda nə qədər vaxt keçirir?
SEO ilə biznesimi necə inkişaf etdirə bilərəm?
SEM, yəni Axtarış Motorlarında Marketinq SEO-dan fərqli olaraq saytınıza ödənişli formada ziyarətçi cəlb etmək üçün istifadə edilir. Google Ads vasitəsilə elə ilk gündən saytınızı istənilən açar sözü üzrə sıralamalarda irəli çəkə bilərsiniz.
Bəs bunun faydası nədir?
- SEO kimi nəticə almaq üçün həftələrlə, hətta aylarla gözləməyə ehtiyac qalmır.
- Zaman qazanmaq üçün öncədən hansısa açar sözlərə reklam çıxaraq oradan gələn geridönüşləri ölçə bilərsiniz. Beləliklə, reklamlarda sizə yaxşı geridönüş gətirən açar sözlər üçün optimizasiyalar etməyə başlaya bilərsiniz. Bunu edərkən reklamı dayandırmamağı məsləhət görürük. SEO və SEM birlikdə biznesinizə daha yaxşı geridönüş verəcək.
Yaxşı SEO həm də saytınızın Keyfiyyət İndeksinizi artırır və Google Ads reklamlarınızın daha sərfəli olmasına kömək edir. Bu hal klikbaşına düşən xərcinizin və reklamlarınızın ümumi xərclərinin azalmasına gətirib çıxarır.
SEO necə edilir?
Gələk əsas məsələyə. 🙂 SEO işləri adətən 5 istiqamətdə həyata keçirilir.
- Daxili Optimizasiya
- Xarici Optimizasiya
- Texniki SEO
- Performans SEO
- Link qurma
SEO və detalları
SEO vebsaytınızın axtarış nəticələri arasında daha ilk pozisiyalarda çıxmasını hədəfləyir. Unutmayın, vebsaytınız nə qədər ilk sıralarda çıxarsa, onu bir o qədər çox insan görəcək.
Yaxşı SEO aşağıdakı aspektləri özündə cəmləşdirir:
Güclü trafik potensialı üçün uyğun açar sözlərin təyin olunması;
Yararlı və keyfiyyətli məzmunun yaradılması, onun istifadəçilər və axtarış motorları üçün optimizasiya edilməsi;
Uyğun vebsaytlardan yüksək keyfiyyətli linklərin əlavə edilməsi;
Nəticələrin ölçülməsi;
Bu günlərdə SEO çox vacib marketinq alətidir.
Ödənişli və Orqanik nəticələr arasındakı fərqlər
SEO işinin önəmini anlamanız üçün ödənişli və orqanik nəticələr arasındakı fərqləri bilmək çox vacibdir. Orqanik nəticələr deyərkən, reklam vermədən Google-da axtarış nəticələri sırasında görünmək nəzərdə tutulur. Burada 5 əsas fərq var.
Sıralama
Ödənişli nəticələr səhifənin ən yuxarı və ən aşağı hissələrində yerləşirlər. Onların sayı adətən yuxarı hissədə 3 ədəd, aşağı hissədə 3 ədəd olur. Rəqabətin çox olduğu açar sözlərində isə bəzən bu hissələrdə 4 nəticə də ola bilər.
Zaman
Ödənişli nəticələrdə reklam təsdiqlənən kimi nəticə görünməyə başlayır. Bu bəzən bir neçə dəqiqə də çəkə bilər. Bundan fərqli olaraq, təbii nəticələr açar sözün çətinliyindən asılı olaraq həftələr, aylar, hətta illər də ala bilər. Orqanik nəticələrdə adətən orta və ya uzun müddətdə alınan nəticələrə fokuslanmaq lazımdır.
Ödəniş
Ödənişli nəticələrdə vebsayt sahibi Google-a onun vebsaytını öncədən seçilmiş açar sözləri üçün irəli çəkməsinə görə ödəniş etməsi əvəzində baş verir. Beləliklə, siz ödəniş qarşılığında saytınıza trafik cəlb etmiş olursunuz. Google ödənişi hər klik üçün alır. Yəni kimsə reklamınıız görərsə, lakin klikləməzsə, Google buna görə sizdən ödəniş tələb etmir.
Orqanik nəticələrdə isə heç bir ödəniş yoxdur. Buna baxmayaraq, istədiyiniz açar sözlərdə sıralana bilməkdən ötrü mütləq ki
müəyyən qədər zaman və resursu investisiya etmək lazımdır.
ROI – Return On Investment (İnvestisiya Əvəzində Gəlir)
Qoyulan investisiya qarşılığında əldə etdiyiniz gəliri ölçmək ödənişli nəticələrdə daha rahatdır. Bunun qismən əsas səbəbi ödənişli nəticələr zamanı Google Analytics tərəfindən daha detallı açar sözü datasının verilməsidir. Ödənişli nəticələrdə ROI dalğalana və ya aşağı düşə bilər. Orqanik nəticələrdə isə ROI ölçmək çətindir, lakin zaman keçdikcə yaxşılaşır. Uzun dövrdə isə orqanik nəticələr ödənişli nəticələrlə müqayisədə həmişə daha sərfəlidir.
Trafik bölgüsü
İstifadəçilərin 20-30% hissəsi ödənişli nəticələrə klikləsələr də, 70-80%-lik qismi ödənişsiz nəticələrə klikləyirlər. Trafikdə də əsas payın orqanik nəticələrə düşməsi onun önəmini artıran əsas səbəblərdən biridir.