Fərqi yoxdur, marketinq kariyeranıza yeni başlayırsınız yoxsa artıq bir neçə illik təcrübəniz var. Marketinq elə bir sahədir ki, həmişə öyrənmək üçün yeni məlumatlar olur.
Marketinqin dərinlərinə enməyin ən gözəl yollarından biri də bu sahədə qabaqcıl ekspertlərin təcrübələrini öyrənməkdir. Sağ olsunlar, onlar öz çoxillik təcrübələrini yazdıqları kitablarda digərləri ilə də bölüşürlər.
Elə isə başlayaq.
5. “Buyology” (Martin Lindstrom)

Alış-veriş qərarlarımız haqqında nə qədər məlumatlısınız? Müasir dünyada qərarlarımıza nələr təsir edir? Gözoxşayan loqolar, diqqətçəkən sloqanlar yoxsa brendlərin dilimizə düşən musiqiləri? Yoxsa alış qərarlarımızın səbəbləri daha dərində – şüuraltında baş verir? Bəlkə də real səbəblərdən heç xəbərimiz yoxdur?!
“Buyology” kitabında Lindstrom 3 il davam edən 7 milyon dollar dəyərində neyromarketinq araşdırmalarından öyrəndiyi insanın ağlını başından alan faktlardan yazır.
Araşdırmalar müddətində dünyanın müxtəlif yerlərindən olan və müxtəlif loqo, brend, məhsul və ya xidmətlərlə əlaqədə olan 2000 könüllünün beyin fəaliyyətləri analiz edilib. Üzə çıxan faktlar indiyə qədər marağın formalaşması və alış qərarının verilməsi ilə bağlı bütün düşüncələrimizi alt-üst edir.
4. The 22 Immutable Laws of Marketing (Al Ries & Jack Trout)

Marketinq haqqında kitablardan danışarkən 1993-cü ildə Al Rayez və Cek Traut tərəfindən yazılmış bu klassik kitabdan yan keçmək olmaz. “Marketinqin 22 Dəyişməz Qanunu” kitabı öz məhsul və ya xidmətlərini qlobal miqyasda uğurlu etmək istəyən marketoloqlar üçün yol xəritəsi kimi tərtib olunmuşdur.
Müəlliflər kitabda marketoloqların qəbul edərək yaşamalı olduqları 22 qanun haqqında yazırlar. Marketoloqlar bəzən bizneslərinin böyüməsinə əlavə dəyər qatmayacaq funksiyalara kütləvi resurslar xərcləyirlər. Bu kitabı hansı məsələlərə vaxt sərf etmək, hansıları isə görməzdən gəlmək lazım olduğu haqqında yol xəritəsinə ehtiyac duyan bütün marketoloqlara tövsiyyə edirik.
3. Selling the invisible (Harry Beckwith)

Minlərlə biznes professionalları ilə 25 illik təcrübəsi olan Herri Bekviz “Görünməyəni satmaq” adlı bu kitabında FedEx, Citicorp, böyüməkdə olan bir yunan səyahət agentliyi və ağıllı bir dayə kimi misallar gətirərək öz müdrikliyini unudulmaz və təəccübləndirici misallarla səhifələrdə əks etdirmişdir.
Kitabda xidmət sektorunda marketinqin rolunu, müştərilərinizin sizinlə əməkdaşlıqdan çəkinməyinin qarşısını almağı və görünməyən dəyərlərinizi görünən etməyin yollarını öyrənəcəksiniz.
2. Epic Content Marketing (Joe Pullizzi)

Joe Pullizzi nəhəng brendlər üçün aparıcı kontent marketinq tədris mənbələrindən olan və ən sürətlə böyüyən bizneslərdən biri olan Content Marketing Institute (CMI)-ın təsisçisidir. Odur ki, yəqin ki, Joe kontent marketinq haqqında bir-iki şey bilir və o, öz kitabında kontent marketinq barədə kifayət qədər faydalı məsləhətlər yazmışdır.
Kitab oxuculara sistemli formada maarifləndirən və əyləndirən, eləcə də hərəkətə keçirən kontent formalaşdırmağı öyrədir. “Epic Content Marketing” biznesinizi sektorda etibar olunan, insanların haqqında danışdığı və paylaşdığı bir biznesə çevirir və bunu 6 prinsip əsasında edir:
- Kontentiniz qarşılanmamış ehtiyacı doldurmalı və ya müştərinizin hər hansl sualını cavablandırmalıdır.
- Davamlı kontent təmin etməlisiniz.
- Kontentiniz eyni səs tonu ilə yazılmalıdır, mümkünsə, bir az yumorla.
- Balanslı hesabat əvəzinə, daha çox fikir bildirməyə çalışın.
- Satış sözlərindən qaçının. Bu, məzmununuzun dəyərini məhv edir.
- Məzmun nişinizə uyğun olan ən keyfiyyətli məzmunu siz yaratmalısınız.
1. Social Media ROI (Olivier Blanchard)

TOP brendinq və marketinq eksperti olan Olivyer Blançard kitabda əksər biznes menecerlərinin və sahibkarların ağlında olan bir suala cavab verməyə çalışır: Sosial mediaya qoyulan investisiya qarşılığında əldə olunan gəlir tam olaraq nədir? Daha önəmlisi, mənim biznesim sosial mediada niyə olmalıdır? Və nəhayət, bu investisiyaya necə haqq qazandıraq?
Kitabı oxumaqla sosial media üçün strategiya, planlama, icra, ölçmə, analiz etmə və optimizasiya kimi mövzuları ən yaxşı nümunələrlə öyrənəcəksiniz. Bundan əlavə, kitabda sosial medianın maddi və qeyri-maddi təsirlərini necə müəyyən edə və həmin hədəflərə necə çata biləcəyinizi öyrənəcəksiniz.
Yeri gəlmişkən, ROI nə deməkdir? Açılışı “return on investment” olan bu terminin mənası “investisiyadan əldə olunan gəlir” deməkdir. Bu haqqda “Sosial mediadan gələn gəlirləri necə hesablamalı?” adlı yazımızda geniş danışmışıq. Yazını oxumağınızı şiddətlə tövsiyyə edirik.
Mütləq bu yazını izləməyə davam edin. Qısa müddətdə biri-birindən faydalı onlarla kitabı əlavə edəcəyik. İzləyicilər üçün kitab tövsiyyən var? Rəylərdə yaz, onu da əlavə edək!
Xoş oxumalar!