Nələr etsəniz də, marketinq işləriniz həmişə müsbət nəticələr verməyəcək. Ona görə də A/B testinq ən yaxşı onlayn reklam və marketinq versiyalarının hesablanması üçün möhtəşəm metoddur.
Metod vebsaytınızın bir kənarında yazılmış yazıdan tutmuş satış emaillərinizə qədər hər şeyi yoxlamaqda istifadə oluna bilər.
A/B testi sizə bütün vəsaitinizi qeyri-effektiv bir versiyaya israf etmədən reklamlarınız üçün ən optimal versiyanı tapmağa kömək edir.
Baxmayaraq ki, A/B testinq vaxt aparandır, əvəzində əldə olunan üstünlüklərə görə zamandan keçməyə dəyər.
Ümumiyyətlə, yaxşı planlanmış A/B testi marketinq işlərinizin effektivliyində nəhəng fərq yarada bilər. Komponentləri bir-bir ölçmək və ən effektiv olanları bir yerə toplamaqla reklamlara başlamaq investisiyadan gələn gəlirlərinizi artıracaq, uğursuzluq ehtimalınızı azaldacaq və hər şeydən önəmlisi: güclü marketinq planı formalaşdıracaq.
A/B testi vebsaytınızın, emaillərinizin, pop-ap və ya reklamlarınızın müxtəlif versiyalarını qarşı-qarşıya gətirərək ölçən və aralarında ən effektivini seçən marketinq strategiyasıdır. Məsələn, hansının daha çox nəticə gətirdiyini bilmək üçün iki müxtəlif reklamı test edə bilərsiniz. Beləliklə, əlinizdəki büdcəni düzgün istiqamətdə xərcləmiş olursunuz.
A/B testi necə işləyir?
A/B testi eyni vizualın iki təsadüfi versiyasını müxtəlif qruplara göstərməkdir. Təsadüfi olması mühimdir, çünki beləliklə nəticələr daha sağlam olur.
Versiyalardan biri “kontrol” qrupu və ya artıq istifadədə olan versiyadır. İkinci versiya isə bir elementini dəyişir. Bir neçə elementi də dəyişə bilərsiniz, lakin bu halda nəticəyə təsir edən elementin hansı olduğunu müəyyənləşdirmək problemi yaranır. Buna çoxsaylı variant testi deyilir. Bu haqqda daha sonra danışarıq.
Məsələn, vebsayt ziyarətçilərinizin bir yarısına mavi rəngdə “İndi al” düyməsi, digər yarısına isə qırmızı rəngdə “İndi al” düyməsi göstərə bilərsiniz. Bir müddətdən sonra hansı rəngin daha çox satış əldə etdiyini ölçmək üçün konversiya nisbətini yoxlayın.
A/B testin nəticəsini yoxlamaq üçün müəyyən alətlərdən istifadə edə bilərsiniz.
A/B testinq niyə önəmlidir?
Dəqiq A/B testinq investisiyadan əldə olunmuş gəlirlərdə böyük fərq yarada bilər. Nəzarət altında testlər və empirist data toplamaqla şirkət və məhsulunuz üçün hansı marketinq strategiyasının uğurlu olduğunu dəqiq tapa bilərsiniz.
Əgər başqa bir versiyanın 4-5 dəfə daha effektiv olma ehtimalı varsa, xırda bir testə vaxt ayırmamaq çox qayğısız yanaşmadır.

Davamlı formada edildiyi halda bu test nəticələri dəfələrlə yaxşılaşdıra bilər. Əgər nəyin yaxşı, nəyin pis olduöunu bilirsinizsə (və əlinizdə bunu təsdiqləyən fakt varsa), uzun dövrdə daha faydalı qərarlar vermək qat-qat rahatlaşır.
Aşağıda mütəmadi A/B testinq etməyin marketinq materialları və vebsaytınız üçün faydalarını sıralayırıq:
- Bu testlər hədəf kütlənizi tanımağa kömək edir: Auditoriyanızın hansı tip məzmunlara daha yaxşı qarşılıq göstərdiyini bildikdə, onların nələri bəyəndikləri və istədikləri haqqında maraqlı məlumatlar öyrənəcəksiniz. İnanın, öz subyektiv düşüncələrinizdə 99% hallarda yanılacaqsınız.
- Daha yuxarı konversiya (dönüşüm): Konversiyanı artırmağın azsaylı effektiv yolları var və A/B testi onların arasında ilk sıralarda gəlir. Nələrin nəticə verdiyini bilmək o qədər dəyərli məlumatdır ki, gəlirlərinizdə əsaslı dəyişikliklər yarada bilər.
- Dəyişən trendlərdə qabaqcıl olmaq: İnsanların hansı kontent tipinə, fotolara və ya başqa funksiyalara reaksiya verəcəyini təxmin etmək çox çətindir. Mütəmadi testlər müştəri davranışlarındakı dəyişikliklərdən qısa müddətdə xəbərdar olmağınıza kömək edəcək.
- Azalan bounce rate: Ziyarətçilər vebsaytda bəyəndikləri məzmun gördükdə orada daha çox vaxt keçirirlər. Deməli onların istəklərini bilərək onlar üçün daha yaxşı vebsayt yarada bilərsiniz.
Ali məqsəd isə marketinq strategiyalarınızda nəzarəti öz əlinizdə saxlaya bilməkdir. Artıq təsadüfi üsullarla izləyicilərin qarşısına çıxıb satışların gəlməyini ümid etməyəcəksiniz.
A/B testinq necə planlamalı?
A/B testi başladarkən ilk iş nəyi aydınlaşdırmaq istədiyinizi dəqiqləşdirməkdir. Vebsaytınızda yoxsa vebsaytdan kənar test başladacaqsınız?
Əgər testi vebsaytınızda başladacaqsınızsa, vebsaytınızın satışla əlaqəsi olan bütün elementlərinin siyahısını yaradıb hansı elementlərlə testlər edəcəyinizi təyin etməkdir.
- Test edə bilərsiniz:
- Başlıqlar
- Call-to-action mətnləri
- Call-to-action-ların yerləri
- Pop-aplar
- Şəkillər
- Mətnlər
- Formlardakı sualların sayı
Testiniz vebsaytdan kənardadırsa, yəqin ki, ya reklam, ya da satış emailini test edirsiniz. Reklamlarda mətn və vizualda dəyişikliklər etməklə ən effektiv nümunəni reklamlar üçün əsas versiya kimi seçin ki, vəsaitinizi ən effektiv formada xərcləyəsiniz.
Eynisi emaillərə də aiddir. Listinizi təsadüfi iki hissəyə bölün və hərəsinə fərqli emailləri göndərin. Sonda hansının daha yaxşı nəticələr aldığını ölçün. Emaillərdə struktur, emailin başlığındakı mətn, istifadə olunan fotolar və hətta təklifinizi də test edə bilərsiniz.
A/B testi uzun bir prosesdir və yekun qərarı vermək üçün adətən bir neçə test tamamlamalısınız.
A/B testlərdən öncə bu addımları tamamlayın.
Testlər başlamazdan əvvəl tapmaq istədiyiniz nəticələri dəqiqləşdirin. Hazırda əldə etdiyiniz nəticələri də qeyd edin. Cari nəticələriniz həm müqayisə üçün referans rolunu oynayacaq, həm də yeni versiyaların hazırki versiyadan daha effektiv olub-olmadığını bilməlisiniz.
Testdən keçən müxtəlif versiyalar hesabınızda eyni anda yayımlanmalıdır. Versiyalardan birini bu gün, digərini sabah yoxlaya bilməzsiniz. Belə olan halda, bu günlə sabah arasındakı digər dəyişənlərin təsirini aydınlaşdıra bilməyəcəksiniz.
Odur ki, A/B testindən öncə bu punktları tamamlayın:
- Yoxlamaq istədiyiniz funksiyanı qərarlaşdırın.
2. Eyni reklamın, vizualın, emailin, veb-səhifənin iki versiyasını yaradın.
3. Testin müddətini dəqiqləşdirin. Biz ən az 2 həftə tövsiyyə edirik, lakin bu rəqəm test obyektindən, sektordan, biznesdən və mövcud şərtlərinizdən asılı olaraq dəyişə bilər. Çalışın 3-5 günün altında müddətlərə düşməyin.
4. İstəyinizdən asılı olaraq, test üçün alət seçin.
5. Başlayın!
6. Bir neçə gündən sonra nəticələrə baxın. Hansı versiya qalib gəldi?
7. İnkişaf etdirin və təkrarlayın. A/B testləri mütəmadi olarsa, effektivdirlər.
A/B testlərində dəyişdirilməsi mümkün olan istənilən komponenti yoxlaya bilərsiniz.
A/B testləri necə analiz etməli?
A/B testlərindən sonra əlinizdə bir miqdar data yığılacaq. Bəs hansı versiyanın qalib gəldiyini necə anlamaq olar? Bəzi hallarda qalib tərəf açıq-aydın görünəcək. Məsələn, əgər versiyalardan biri digərinə nisbətdə 50% daha artıq satış gətiribsə, deməli data analiz etmədən də qalibi müəyyənləşdirmək olar.
Bəzi hallarda isə qalibi ilk baxışda anlamaq çətin olur. Belə hallarda isə effektiv versiyanı anlamaq üçün:
- Kifayət qədər datanızın olduğundan əmin olun: Hansı versiyanın daha yaxşı olduğunu demək üçün əlinizdə təxminən 2 həftəlik məlumat və ya ən az 30 tamamlanma (satış, qeydiyyat və s) olmalıdır.
2. A/B testinq kalkulyatoru istifadə edin: Əlinizdəki datanı A/B testlər üçün xüsusi hazırlanmış kalkulyatorlar vasitəsilə analiz edin. Ziyarətçi sayı və konversiya sayını yazmaq kifayət edir. Ödənişsiz alət kimi Google Optimize istifadə edə bilərsiniz.